Bu günlərdə bələdiyyələrin fəaliyyəti dövlət başçısı tərəfindən ciddi tənqid olundu. Onlar fəaliyyətsizlikdə qınanmaqla yanaşı, həm də möhür vuran orqan kimi təqdim edildi. Prezident ilham əliyevin bu tənqidindən ölkə bələdiyyələri nəticə çıxarmaqla fəaliyyətlərində ciddi dönüş yaratmalıdırlar. Nəzərə alaq ki, 2014-cü ildə ölkə başçısı tərəfindən bələdiyyələrin maliyyə vəziyyətinin düzəlməsi üçün ciddi addımlar atılmışdır. Bir faktı deyək ki, əmlak vergisinin yığımıyla bağlı edilən dəyişiklik bələdiyyə büdcəsində müəyyən dərəcədə artıma səbəb olacaqdır.
Bəs bu gün yerli özünüidarəetmə orqanlarının üzərinə hansı vəzifələr düşür?
”Bələdiyyə həyatı” qəzetinin bu və digər suallarına ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadə aydınlıq gətirir:
- Hazırda Azərbaycan bələdiyyələrinin qarşısında çox mühüm vəzifələr dayanır. Bu gün bələdiyyələr fəaliyyətlərində məlum qanunsuzluqlara yol verməsəydilər cənab prezident ilham əliyevin haqlı olaraq sərt mövqeyilə üzləşməzdilər. Odur ki, bələdiyyələrin qanuna söykənməklə işləməkdən başqa çıxış yolu yoxdur. Bələdiyyələr qanunun tələb etdiyi kimi dövlət orqanı olaraq inzibati nəzarət mexanizmini həyata keçirən orqanla - ədliyyə Nazirliyinin Bələdiyyələrə iş Mərkəziylə daim sıx əməkdaşlıq əlaqələrini qurmalıdırlar. Onların hər bir addımı hansısa fərdlərin mövqeyinə yox , məhz qanuna söykənməlidir. “inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinə və Bələdiyyələrlə iş Mərkəzinin metodik tövsiyyələrinə riayət etməyən bələdiyyə sədrləri bəzi hallarda bilərəkdən ya bilməyərəkdən ciddi səhvlərə yol verirlər. Nəticədə son beş ildə 152 bələdiyyənin fəaliyyətiylə bağlı material toplanaraq prokurorluq orqanlarına göndərilib. Onlardan 90-nına qarşı cinayət işi açılıb. 72 nəfər bələdiyyə sədri və ya bu sistemdə çalışan vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. 6 nəfər bələdiyyə sədri həbs olunub. Cari ilin beş ayı ərzində 20 bələdiyyənin fəaliyyətiylə bağlı toplanmış material prokurorluq orqanlarına göndərilib. Bu rəqəm yeni seçilmiş bələdiyyə sədrlərinə fəaliyyətlərində ciddi dönüş yaratmaq ücün bir siqnaldır.
Bələdiyyə iclasının qəbul etdiyi qərarlara da diqqət yetirmək lazımdır. Təsəvvür edin ki, son beş ildə 7400 bələdiyyə iclasının qərarlarının dəyişdirlməsiylə bağlı yerlərə müraciətlər göndərilmişdir. Bu çox böyük rəqəmdir. Artıq mərkəzə son ildə daxil olan bələdiyyə aktlarının sayı 66 minə çatıb. Onlardan 8 minə yaxını geri qaytarılıb. Mərkəzə vaxtında göndərilməyən və gizlədilən qərarların aqibəti bütün bələdiyyə sədrlərini düşündürməlidir. Bu məqama bütün bələdiyyə sədrləri diqqətlə yanaşmalıdırlar.
indi bələdiyyələrin birləşdirilməsiylə əlaqədar təhvil-təslim prosesi gedir. Artıq ötən illərdə atılmış səhv addımlar üzə çıxır. Qəbələ rayonunda bir bələdiyyənin fəaliyyətiylə bağlı toplanmış material baş prokurorluğa göndərilmişdir. Xaçmaz və Gədəbəy rayon bələdiyyələrinin fəaliyyətiylə bağlı məqamlar əsasında araşdırmamız davam edir. Sənədlərin gizlədilməsi, qərarların vaxtında göndərilməməsi və bəzi sədrlərin təkbaşına fəaliyyət göstərməsi nəticə etibariylə ciddi qanun pozuntusunun baş verməsinə səbəb olur. Təsəvvür edin ki, 7000 bələdiyyə qərarı mərkəzin əməkdaşları tərəfindən təhlil edilərək dəyişdirilməsi üçün geri qaytarılmasaydı, bu gün nə qədər cinayət məsuliyyətinə cəlb edilmiş bələdiyyə üzvü ola bilərdi.
Bələdiyyələrin ən çox səhvə yol verdiyi sahə torpaq alqı - satqısı və icarəyə verilməsylə bağlı olmuşdur. Son beş ildə 25 min hektar torpaq sahəsi bələdiyyənin mülkiyyətinə qaytarılmışdır. Bu çox böyük rəqəmdir.
Başqa bir məqama da diqqəti çəkmək istərdim.
Etiraf etməliyik ki, bu gün respublikada aparılan abadlıq - quruculuq işlərində bələdiyyələr az da olsa yaxından iştirak edirlər. Bələdiyyələrin maliyyə vəsaitiylə istifadəyə verilən sosial-mədəni obyektlər də az deyil. Belə olan halda görülən işlərin məhz bələdiyyələrin adından ictimailəşdirilməməsi diqqəti çəkir. Və ən acınacaqlısı odur ki, bələdiyyə vəsaitiylə icra olunan layihələr bəzən digər orqanların adına çıxılır. Belə məqamların təkrarlanmasına yol verməməliyik. Belə səhvlərin yol verilməməsi üçün isə maarifləndirmə işlərinə diqqət yetirilməsi təqdirəlayiq haldır. Bu yöndə ədliyyə Akademiyasında və Prezident yanında Dövlət idarəçilik Akademiyasında təşkil olunan kursların işlərini yüksək qiymətləndirməklə onların sayını artıqmaq lazımdır. Maarifləndirmə işində vətəndaş cəmiyyətinin təmsilçiləri də öz sözünü deməlidirlər.
inanıram ki, bələdiyyələr dövlət başçısının sərt tənqidindən tezliklə nəticə çıxaracaqlar.
“Bələdiyyə həyatı” qəzeti